2023-2024-cü tədris ili üzrə nailiyyətlərimizin hesabatı
2023-2024-ci il üzrə müəyyən edilmiş tədris proqramı uğurla sona çatdı. 1 il ərzində gələcəyimiz olan övladlarımız üçün gördüyümüz işləri, uğurları bu video vasitəsilə sizə təqdim edirik.
Tədris ilinə Türkiyənin Bursa şəhərində keçirilən 15-ci Meb Robot yarışmasında iştirakla başladıq.
Daha sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Ruminiyada keçirilən 14-cü Robochallenge yarşmasında iştirak edərək, Mini Sumo kateqoriyası üzrə I yerə layiq görüldük.
Növbəti uğurla iştirak etdyimiz beynəlxalq yarışlar Yaponiyada keçirilən dünyanın ən böyük robot yarışması All Japan Robot-Sumo Tournament və Türkiyədə keçirilən Robotex yarışması oldu.
İştirak etdiyimiz Beynəlxalq yarışlarda uğurlu iştirakımıza görə Gənclər və İdman Naziri cənab Fərid Qayıbov yarışda iştirak etmiş komanda üzvləri ilə görüşdü. Nazir gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib, iştirak etdikləri tədbirlər və qazandıqları təcrübələr barədə fikir mübadiləsi aparmışdı.
Bundan əlavə ölkədaxilində keçirilən FIRST Lego League, SAF, Robofest, Robotex Azərbaycan, Dünya Robot Olimpiadasinin Azərbaycan üzrə seçmə mərhələsi, VEX IQ Robotics, Dünya Robot Çempionatının Azərbaycan finalı və Proqramlaşdırma Olimpiadasında komandalarımız fəal iştirak edərək, müxtəlif uğurlar qazanmışdılar.
İlk dəfə ölkəmizdə keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində “Public Day” günü təşkilatçılar arasında iştirak edərək, master klasslar təşkil olunmuşdu.
AzeRobot education komandası 193 və 233 nömrəli orta məktəblərdə şagirdlər üçün 2 aylıq təlim, 1 və 20 nömrəli məktəbin şagirdləri üçün İT biliklər ilə tanış olmaqları məqsədilə ekskursiyalar təşkil etmişdir.
Eyni zamanda tədris ili ərzində Schlumberger Azerbaijan, SOCAR, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəz kimi müəssisələrlə əməkdaşlıqlar başlamışdır. Əməkdaşlıq layihəsinə əsasən 200 nəfərdən çox şagird təlimlərdə və master klasslarda iştirak etmişdir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC təşkilatçılığı ilə “AzeRobot Education” Robototexnika Tədris Mərkəzinin üzvləri arasında “Gəmiçilik, gənc ixtiraçılar və innovasiya” müsabiqəsi elan olunmuşdu. Müsabiqə çərçivəsində şagirdlər ilk öncə müxtəlif konseptual layihələr hazırlayaraq, daha sonra isə prototip formasında layihələrini təqdim etdilər. Qiymətləndirilmə aparılıb, qalib yeni tədris ilində açıqlanacaq.
Tədris ilinin sonunda bütün filiallarda qruplar üzrə test üsulu ilə imtahanlar keçirildi, imtahan nəticələrinə əsasən 900 nəfərdən çox şagirdə sertifikatlar təqdim olundu. .
2023-2024-cü tədris ili ərzində Yeni filiallarımız da fəaliyyətə başladı. Belə ki, Nərimanov və Xocalı filiallarının açılışı oldu. Azərbaycan Respublikası Prezidenti, Ali Baş komandan cənab İlham Əliyev və birinci xanımı Mehriban Əliyeva Xocalı filialı ilə tanış oldular. Dövlət başçımıza İşğaldan azadolunmuş ərazilərdə yaşayan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, IT sahəsinə maraqları və istedadlı şəxslərin aşkar edilməsi məqsədilə fəaliyyətə başlayan Xocalı filialının fəaliyyət planı və tədris proqramı haqqında məlumat verildi. Görüş Prezident cənab İlham Əliyevin komandamıza dəyərli töhfələri ilə yekunlaşdı.