AzeRobot "Gələcəyinə Çıraq Ol" layihəsində
“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” kəlamını söyləyən Ulu öndərin siyasi kursunun layiqincə davam etdirilməsi bütün sahələrdə olduğu kimi, uşaqlara olan diqqət və qayğıda, onların Vətənə layiqli övlad kimi yetişdirilməsində özünü büruzə verir. Bu gün müstəqil Azərbaycanın uşaqları cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət və qayğı ilə tam əhatə olunmuşdur.
“Gələcəyimizə çıraq ol” layihəsi çərçivəsində mərkəzimizin müəllimləri kiçik motorik bacarıqların inkişafı ilə bağlı masterklasslar vasitəsilə kəndlərimizdə yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili, dünyagörüşü, müasir texnologiyaların inkişafı və ondan istifadə imkanları ilə bağlı biliklərinin az da olsa artırılmasına yardımçı olmaq məqsədilə dəstək olmağa çalışmışdır.
Robototexnika modulları üzrə master class üçün yollandığımız layihənin ilk dayanacaq məntəqəsi 24 dekabr 2022-ci il tarixdə Təhsil Nazirliyinin Mərkəzi Aran Regional Təhsil İdarəsinin dəstəyi ilə Göyçay rayonunun Mallı Şıxlı kənd tam orta məktəbi olmuşdur.
Növbəti master class isə 27 yanvar 2023-cü il tarixdə Ucar rayonu Şahlıq kənd orta məktəbində keçirildi.
Məktəblilərin yaddaşlarında xoş iz buraxmaq məqsədilə Bakıdan həmin kəndə yola düşən komandanın amalı yalnız uşaqların asudə vaxtının səmərəli keçirilməsinə, kiçik motorik bacarıqlarının inkişaf etdirilməsinə, estetik zövqünün formalaşmasına, yaradıcılıq qabiliyyətlərinin inkişafına qismən də olsa, yardım etmək olmuşdur.
Layihədə iştirak edən şagirdlər fərqli aktivitələrdə öz bacarıqlarını sınamışlar. Mərkəzimizin təşkil etdiyi robototexnika masterklasında müxtəlif robotlar düzəldərək onların proqramlaşdırılmasını öyrənmişdilər.
Sonda iştirak edən uşaqlara sertifikatlar və hədiyyələr təqdim olunmuş, xatirə fotoşəkilləri çəkilmişdir.