Gələcəyin mühəndisləri AİRO-da bir araya gəldi

Gələcəyin mühəndisləri AİRO-da bir araya gəldi

9–11 may tarixlərində ADA Universitetində “Azerbaijan International Robotics Olympiad – AİRO 2025” beynəlxalq robot yarışması uğurla təşkil olundu. 8 yaşdan yuxarı şagirdlər, tələbələr və robototexnika həvəskarlarını bir araya gətirən yarışma, texnologiya sahəsində gənc istedadların bacarıqlarını nümayiş etdirməsi üçün unikal platforma oldu.

Yarışma AzeRobot Education, ADA Universiteti, Gənclər və İdman Nazirliyi, ASCO, İRİA, Bakı Abadlıq Xidməti, Maestro School, AKTASİMA kimi tərəfdaşların dəstəyi ilə keçirildi.

Tədbir beynəlxalq əhəmiyyət daşıyırdı – yarışın xüsusi qonaqları sırasında Tokioda keçirilən All Japan Robo Sumo Tournament nümayəndələri və Rumıniyada təşkil olunan Robochallenge yarışmasının baş koordinatorları da yer aldı. Onlar Mega SumoMini Sumo kateqoriyalarında beynəlxalq hakimlər kimi çıxış etdilər.

İştirakçılar öncədən www.airo.az saytı üzərindən qeydiyyatdan keçərək Mega Sumo, Mini Sumo, Lego Sumo, Line Follower, Lego Line Follower, Robotic StartupSoftware Engineer kateqoriyalarında öz layihələri ilə yarışa qatıldılar.

Yarışmanın birinci günü iştirakçılar və robotları qeydiyyatdan keçdi, layihələrin test mərhələsi həyata keçirildi. İkinci gündə isə rəsmi yarışlara start verildi. Robotlar və layihələr texniki uyğunluq baxımından hakimlər tərəfindən yoxlanıldıqdan sonra mərhələli şəkildə – 1/8 final, yarımfinal və final mərhələlərində yarışlara buraxıldılar.

Üçüncü gün həlledici mərhələlər və mükafatlandırma mərasimi baş tutdu. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Açılış mərasimində ADA Universitetinin nümayəndəsi çıxış etdi, təşkilatçılar isə tərəfdaşlara, hakimlərə, könüllülərə və koordinatorlara təşəkkürlərini bildirdi və sertifikatlar təqdim olundu.

Layihənin baş koordinatoru iştirakçılar, mentorlar və valideynləri salamlayaraq AİRO-nun məqsədləri, gələcək planları və inkişaf perspektivlərindən danışdı. Tədbirdə yarışmanın rəsmi maskotu Mirai ilk dəfə təqdim olundu – yarış böyüdükcə Mirai də böyüyəcək.

Yarışmanın sonunda qaliblər elan olundu. Hər bir kateqoriyada fərqlənən iştirakçılara medallar, diplomlarmükafatlar təqdim edildi. Xüsusilə, Mega SumoMini Sumo kateqoriyalarının qalibləri dekabr ayında Yaponiyada keçiriləcək All Japan Robo Sumo Tournament yarışmasında ölkəmizi təmsil etmək hüququ qazandılar. Onların beynəlxalq səviyyədə iştirakına Gənclər və İdman Nazirliyi tərəfindən dəstək göstəriləcək.