Azərbaycan komandası RobotChallenge 2026 beynəlxalq yarışında üç mükafatlı yer qazanıb
30 oktyabr – 1 noyabr 2026-cı il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən RobotChallenge 2026 beynəlxalq robototexnika yarışında Azərbaycan komandası uğurlu nəticələr əldə edərək üç mükafatlı yer qazanıb.
Dünyanın müxtəlif ölkələrindən robototexnika həvəskarlarını və gənc mühəndisləri bir araya gətirən yarışda 34 ölkədən 1531 iştirakçı və 1390 robot təmsil olunub. İştirakçılar müxtəlif kateqoriyalarda mübarizə apararaq robotların texniki imkanlarını, proqramlaşdırma bacarıqlarını və innovativ layihələrini nümayiş etdiriblər.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə beynəlxalq yarışda iştirak edən Azərbaycan komandası güclü rəqabət şəraitində uğurlu çıxış edərək aşağıdakı nəticələrə nail olub:
Azərbaycan komandasının nəticələri:
I yer – Mini-Sumo Kids: AZE – Nebula
II yer – Freestyle Showcase Kids: AZE – Aqua Fly
III yer – Freestyle Showcase Kids: AZE – Smart Market
Mini-Sumo Kids kateqoriyasında mübarizə aparan AZE – Nebula komandası yarışın bütün mərhələlərini uğurla keçərək finala yüksəlib və final qarşılaşmasında qalib gələrək I yerə layiq görülüb.
Freestyle Showcase Kids kateqoriyasında isə AZE – Aqua Fly və AZE – Smart Market layihələri texniki həlləri və yaradıcı yanaşmaları ilə fərqlənərək müvafiq olaraq II və III yerləri qazanıblar.
RobotChallenge 2026 kimi beynəlxalq yarışlarda iştirak gənclərin mühəndislik, proqramlaşdırma və problem həll etmə bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu cür platformalar iştirakçılara müxtəlif ölkələrin komandaları ilə təcrübə mübadiləsi aparmaq, yeni texnoloji yanaşmalarla tanış olmaq və öz potensiallarını beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradır.
Azərbaycan komandasının əldə etdiyi üç mükafatlı nəticə ölkəmizin robototexnika sahəsində beynəlxalq yarışlarda uğurlu iştirakının növbəti nümunəsidir. Bu nailiyyətlər gənclərin texnologiya və innovasiya sahələrinə marağının artırılması və gələcək mühəndis nəslinin formalaşması baxımından da xüsusi əhəmiyyət kəsb edir.
.jpeg)
.png)
