AİRO 2026
AİRO 2026
19–21 iyun tarixlərində Bakı Ali Neft Məktəbində (BANM) “Azerbaijan International Robotics Olympiad – AIRO 2026” beynəlxalq robot yarışması ikinci dəfə baş tutub. Dünya mühəndislərini və gənc istedadları bir araya gətirən tədbir, texnologiya sahəsində innovativ bacarıqların nümayişi üçün geniş platforma təqdim edib.
8 yaşdan yuxarı şagirdləri, tələbələri və robototexnika həvəskarlarını birləşdirən yarışma Gənclər və İdman Nazirliyi, İRİA, BANM, Bakı Abadlıq Xidməti, “Maestro School”, “XBOT AZ” və “Azerobot Education”-un dəstəyi ilə təşkil olunub.
AIRO 2026-nın miqyası bu il daha da genişlənib: 8 fərqli ölkədən 823 iştirakçı və 414 komanda qeydiyyatdan keçib. Final mərhələsində isə 5 ölkəni təmsil edən 452 iştirakçı, 57 mentor və 266 komanda öz gücünü sınayıb.
Yarışmanın münsiflər heyətində dünya şöhrətli mütəxəssislər yer alıb. Onların sırasında Tokioda keçirilən “All Japan Robot Sumo Tournament”-in “Mega Sumo” kateqoriyası üzrə dünya çempionu Yoshifumi Matsunaga, beynəlxalq hakim Hikaru Higuchi, Rumıniyanın “RoboChallenge” yarışmasının baş koordinatoru Adrian-Ionut Gaspar, habelə Marmara Universitetinin professoru Barış Doğan və beynəlxalq hakim Muhammed Fateh yer alıblar.
İştirakçılar ümumilikdə 12 müxtəlif kateqoriyada, o cümlədən Mega Sumo, Mini Sumo, Line Follower, Lego Maze, Robotic Startup və Hackathon kimi istiqamətlərdə yarışıblar. Üç gün davam edən tədbirin proqramı qeydiyyat, test mərhələləri, 1/8 final, yarımfinal və nəhayət, həlledici final qarşıdurmaları ilə yadda qalıb. Bundan əlavə, tədbir çərçivəsində “Açıq qapı günü” keçirilib ki, bu da rəsmi şəxslərə və qonaqlara gənc ixtiraçıların layihələri ilə yaxından tanış olmaq imkanı yaradıb.
Mükafatlandırma mərasimində çıxış edən təşkilatçılar, yarışmanın məqsədinin gənclərin texnoloji biliklərini təkmilləşdirmək və onları beynəlxalq arenaya hazırlamaq olduğunu vurğulayıblar. Tədbirin rəsmi maskotu “Mirai” və “Unitree” robotlarının nümayişi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Yarışmanın nəticələrinə əsasən, müxtəlif kateqoriyaların qalibləri beynəlxalq nüfuzlu robot yarışmalarına vəsiqə qazanıblar:
- Yaponiya: Mega Sumo, Mega Sumo RC, Mini Sumo və Mini Sumo kids qalibləri;
- Rumıniya: Line Follower, Line Follower kids, Maze, Robotic Startup qalibləri;
- Yunanıstan: Lego Sumo, Lego Maze və Robotic Engineering qalibləri.
Qeyd edək ki, qaliblərin dünya arenasında ölkəmizi layiqincə təmsil etmələri üçün Gənclər və İdman Nazirliyi tərəfindən müvafiq dəstək göstəriləcək.
Tədbir çərçivəsində Bakı Ali Neft Məktəbi, “XBOT AZ” və Çinin “Yushu Technology” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum süni intellekt və robototexnika laboratoriyalarının yaradılması, innovativ həllərin tətbiqi və elmi tədqiqatların birgə inkişafını nəzərdə tutur.


