AIRO 2025 winners at AJRST

AIRO 2025 winners at AJRST

Azerobot Education komandası Yaponiyada “All Japan Robo Sumo Tournament 2025” Grand Finalında iştirak etdi

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AIRO 2025 yarışmasının qalibləriAzerobot Education komandasının nümayəndələri 05–07 dekabr 2025-ci il tarixlərində Yaponiyada keçirilən dünyanın ən nüfuzlu və ən qədim robototexnika turnirlərindən biri olan “All Japan Robo Sumo Tournament” Grand Final yarışmasında ölkəmizi təmsil etdilər.

“All Japan Robo Sumo Tournament” artıq 30 ilə yaxındır ki, təşkil olunur və dünya üzrə sumo robotları sahəsində ən prestijli yarışlardan sayılır. Bu ilki final mərhələsində 19 ölkədən dünyanın ən güclü sumo robot komanda­ları mübarizə aparırdı.

Azerobot Education komandası yarışmada həm Mega Sumo, həm də Mini Sumo kateqoriyalarında çıxış etdi və beynəlxalq arenada uğurlu nəticələr əldə etdi. Mini Sumo kateqoriyasında 184 robotun iştirak etdiyi yarışmada “Azerobot-2 (Cyber-X)” komandamız 1/8 finala (8/1) qədər irəliləyərək yüksək nəticə göstərdi. Mega Sumo kateqoriyasında isə 113 robot arasında mübarizə aparan “Azerobot-1 (AD-ASTRA)” komandası 1/16 finala (16/1) qədər yüksəldi. Hər iki komanda robotların texniki quruluşu, mexaniki stabillik, sensor dəqiqliyi və döyüş strategiyası ilə seçilərək münsiflər tərəfindən müsbət qarşılandı.

Səfər çərçivəsində komandamız All Japan Robo Sumo Tournament təşkilati heyəti ilə də görüş keçirdi. Görüş zamanı beynəlxalq əməkdaşlıq, robototexnika üzrə təcrübə mübadiləsi və gələcək layihələr müzakirə edildi. Ən önəmli məqamlardan biri isə AIRO yarışmasının AJRST tərəfindən beynəlxalq lisenziya ilə rəsmən tanınması oldu. Bu, Azərbaycanın robototexnika sahəsində beynəlxalq nüfuzunun artmasına və AIRO yarışmasının dünya miqyasında qəbul edilməsinə mühüm töhfə verir.

Azerobot Education komandası üçün bu turnirdə iştirak həm böyük təcrübə, həm də mühüm nailiyyət hesab olunur. Gənclərimiz yüksək rəqabət mühitində robotlarını sınaqdan keçirərək dünya səviyyəli komandalara qarşı mübarizə apardılar. Bu uğur Azərbaycan gənclərinin texnologiyaya olan marağının, robototexnika sahəsində inkişafın və beynəlxalq yarışlarda iştirak potensialının göstəricisidir.